Saturday, October 5, 2013

EVDƏN QAÇAN QIZLARIN FACİƏSİ - Ümummilli SOS siqnalı!

Bir neçə gün öncə Kürdəmirdə evdən qaçmış 3 qız barədə xəbər demək olar ki, bütün ölkənin gündəminə  çevrilib. Mən şəxsən həmin qızların, onların ailələrinin KİV-də bu qədər çox işaqlandırılmasının əleyhinəyəm.Bəli, çox məyusedici bir hadisədir, amma həmin şəxslərin səhər-axşam TV-də göstərilməsi, adlarının mətbuatda tez-tez hallandırılması müsbət bir şey deyil. O ailələr zatən yaşayacaqları faciəni yaşayıblar, üstəlik onları bütün Azərbaycana tanıtmaq ağrılarına daha çox ağrı qatmaqdan savayı bir şey deyil.

    Baş  verən bu hadisənin mahiyyətinin və önəminin isə əksinə, KİV-də daha çox işıqlarındırılmasının tərəfdarıyam. Çünki bu hadisə “inkişafda olan cəmiyyətimizə” həm də bir "SOS" siqnalı idi məncə. Məktəbdə oxuyan bir qız necə olur ki, evdən qaçıb, yüz kilometrlərlə yolu qət edib, telefonda, internetdə tanış olduğu oğlanın yanına gedir?! Onun düşüncəsi, hissləri hansı səviyyəyə çatır ki, ailəsini, hətta nəslini bu biabırçılıqla üz-üzə qoymaqdan belə çəkinmir?!


    Bəs necə olur ki, məktəbli bir azərbaycanlı qızı bu hərəkəti edir?Bu vəziyyətin yaranmasına əsas səbəblərdən biri - evdəki tərbiyədir. Bəli, onun evdən qaçmaq ideyası  məhz evdə onun beyninə yeridilib - atasının, anasının və ya bacı-qardaşının yox, televizorun verdiyi tərbiyə ilə. TV-kanallarımızın illərlə bizə təqdim etdiyi Braziliya, Kolumbiya, Türkiyə seriallarındakı "qəhrəman" qızlara oxşamaq istəyənlər olmayacaqdımı?Andresin əlindən tutub, Nikolasa sms yazıb, Mayklla görüşə tələsən İzabellaya oxşamaq istəyənlər olmayacaqdımı?Səhərdən axşamadək telekanallardakı seriallarda bu tipli sərgüzəştlər insanların beyninə yeridilir.Feriha qurtarır, Meliha başlayır, Meliha qurtarır, Sabiha başlayır, o da qurtarır, Fatmagül başlayır. Hamısında da müsbət obraz kimi təqdim edilən (çünki həyatı boyu ona haqsızlıq olub, məzlumdu) "qəhrəmanlar" evdən qaçıb sevgilisinə gedəndə, nişan üzüyünü atıb başqasının yanına qaçanda, bətnindəki övladını abort etdirəndə hər kəs buna "kader işte, hayat böyle yaptı" deyib həmin o qəhrəmanı müdafiə edirlər, həssas insanlar isə bəzən gözyaşı da tökürlər. Bəzi ailələrdə valideyn serialları o qədər həyəcanla izləyir ki, bir də o vaxt ayılır ki, əmziyi qucağındakı körpəsinin ağzına yox, qulağına soxub.Gözümlə görməsəm də, şübhə etmirəm ki, bundan da betər hadisələr olur.
    Bir gün Mariya Nyu-Yorkda evdən qaçır, o biri gün İzabella Buenos-Ayresdə  evdən qaçır, bu tərəfdən də Feriha İstanbuldan, Meliha Bursadan qaçır... və... günlərin birində kimsə Kürdəmirdən qaçır.
    Seriala baxmaqdan xoşu gəlməyənlər isə ekran başından çəkilməsinlər. Onlar üçün də "ulduz" yarışmaları", "evlilik" verilişləri, evdən qaçanların da qonaq olduğu və evdən qaçmasına baxmayaraq, nəhayətdə xoşbəxt olduğu "ürəkağırdan" şoular var ki, bunlar toplumun bütün təbəqələrini "təmin edir". Bu telekanallarla bir yerdə böyüyən uşaqlar isə... Azərbaycanımızın gələcəyidir.

No comments:

Post a Comment